24 Sentyabr 2020 , Cümə axşamı
Ana səhifə / Beynəlxalq əməkdaşlıq

Beynəlxalq əməkdaşlıq

ARİ-nin beynəlxalq reklam assosiasiyaları ilə əlaqəsi Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti Etibar Babayev tərəfindən yaradılmışdır. O, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda respublikamızı yüksək səviyyədə təmsil etmişdir.

ARİ-nin vitse-prezidenti professor Vahid Mürsəliyev bir çox beynəlxalq reklam təşkilatları ilə danışıqlar aparmış, onlar haqqında lazımi məlumatlar toplamışdır. İlk beynəlxalq görüş 1990-cı ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmişdir.

ARİ-nin nümayəndə heyəti 1996-cı ildə Beynəlxalq Reklamçılar Assosasiyası vasitəsilə Seul şəhərində keçirilən dünya reklamçılar konfransında iştirak etmişdir. Bundan başqa, o, 1996-cı ilin ikinci yarısında Parisə səfər etmiş, Beynəlxalq Reklamçılar Assosiasiyasının (BRA) Fransa bölməsində görüşlər keçirmişdir.

1997-ci ilin mart ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Reklamçılarının II Plenumu keçirilmış, ARİ bu Plenumda nümayəndə heyəti ilə təmsil olunmuşdur.

1997-ci ildə Amerikanın Çikaqo şəhərində keçirilən Beynəlxalq Reklam Assosiasiyasının (IAA) konqresində Beynəlxalq Reklam Assosiasiyasının (IAA) Azərbaycan şöbəsi yaradılmış və Azərbaycan tərəfindən 31 nəfər bu təşkilata üzv qəbul edilmişdir.

1997-ci il Kiyev şəhərində Avropa reklamçılarının ikinci konfransı və həmin il Budapeştdə BRA-nın reklam toplantısında Azərbaycanda “Avrasiya” reklam – marketinq Akademiyasının təsis olunması və ARİ-nin təqdim etdiyi “Böyük ipək” yolunda reklam-marketinq işinin qurulması və onun bazar iqtisadiyyatı baxımından yayımlanması üçün tele-radio kompaniyasının yaradılması haqqında layihələrə baxış keçirilmişdir.

Beləliklə, Azərbaycan Reklamçılar İttifaqı Cənubi Koreyanın paytaxtı Seul (1996), Misir Ərəb Respublikasının paytaxtı Qahirə (1998), ABŞ-ın Las-Veqas (1999), İngiltərənin paytaxtı London (2000), Livanın paytaxtı Beyrut (2002), Çin Xalq Respublikasının paytaxtı Pekin (2004), Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay (2006), ABŞ-ın paytaxtı Vaşinqton (2008), Rusiya Federasiyasının paytaxtı Moskva (2010, 2012) şəhərlərində keçirilən beynəlxalq reklam konqreslərində respublikamızı təmsil etmiş, bu konqreslərdə Azərbaycan Reklamçılar İttifaqı tərəfindən dünyanın tanınmış reklam şirkətləri və onların aparıcı mütəxəssisləri Bakıya dəvət edilmişdir. Azərbaycan Reklamçılar İttifaqı gələn qonaqların respublikamızda və qonşu Gürcüstan respublikasında yerli struktur rəhbərləri ilə görüşlərini təşkil etmişdir. Yekunda birgə fəaliyyətlə bağlı iş planı hazırlanmış, bunun nəticəsində respublikamızda reklam sahəsində canlanma əmələ gəlmişdir.

1998-ci ildə Beynəlxalq Reklamçılar Assosasiyasının elmi və tədris üzrə rəhbəri Prof. Dr. Con Holms Bakıya gəlmiş və Azərbaycan reklamçıları ilə görüşlər keçirmiş, İqtisadiyyat Universitetinin tələbələrinə ustad dərsləri (master klass) keçmişdir. Eyni zamanda da İqtisadiyyat Universitetində “Avrasiya” reklam – marketinq Akademiyasının proqramını təqdim etmiş və birinci təsis aktını təsdiqləmişdir. Hazırda bu növ tədris təşkilatları dünyanın inkişaf etmiş 70-ə yaxın ölkəsində təsis olunmuş və fəaliyyət göstərir.

2016-cı ilin yanvar ayının 24-də ARİ İB-nin İdarə Heyətinin sədri Hacı Əmi Atakişiyev yenidən Beynəlxalq Reklam Assosiasiyasına (IAA) üzv olub. Əsas məqsədimiz – beynəlxalq reklamçılarla yeni əlaqələrin yaranmasıdır. BRA-nın (IAA) Azərbaycan şöbəsinin yaradılması üzrə fəaliyyətimiz yekunlaşıb.