25 Noyabr 2020 , Çərşənbə
Ana səhifə / Reklam / Hacı Əmi Atakişiyev: ”Sahibkarlıq subyektləri onlara dəyən ziyanın qarşılanması üçün huquqlarını tələb etməkdə acizdirlər”

Hacı Əmi Atakişiyev: ”Sahibkarlıq subyektləri onlara dəyən ziyanın qarşılanması üçün huquqlarını tələb etməkdə acizdirlər”

Reklam-Reklam-Reklam

Reklam hələ dünyanın Daş dövründən bu günə qədər davam edir. Qədim Yunanıstanda bu termin “qışqırmaq” mənasında səsləndirilmişdir. Darğalar küçələrdə məhsul və ya sosial-siyasi problemlər üzrə məlumatları qışqıra-qışqıra yayıblar. Bu da sonradan “reklam” adlanıb. XIV-XV əsrdən mətbəə işinin yaranması yeni bir reklam terminologiyası olaraq “advertising”i yaradıb. Yəni reklamların operativ olaraq yerinə çatdırılması üçün mətbəə basqılarından istifadə edilib.

Deməli, “reklam” sözünün mənşəyi Avropada dəyişir. “Reklam” sözü Ərəbistanda “elan”, İranda “təbliğat”, Türkiyədə “tanıtım”, Avropanın bəzi ölkələrində “propoqanda” adlanır.

Reklam və onun bugünkü həyatımızdakı rolundan danışmaq üçün “Azərbaycan Reklamçılar İttifaqı” İctinai Birliyinin sabiq rəhbəri, reklam sahəsində Respublikamızın aparıcı mütəxəssisi, müasir Azərbaycanda reklam işinin banisi, professor Hacı Əmi Atakişiyevin fikirlərini diqqətinizə çatdırırıq.
Onu da bildirək ki, Hacı Əmi Atakişiyev “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin 5-ci konfransında 65 yaşının olması və xəstəli ilə bağlı sədrlikdən istefa verib. Hazırda Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin “Fəxri sədr” və Baş Katibidir.

– Xoş gördük, Hacı Əmi müəllim! İlk sualımız reklam haqqında olacaq. Reklam nədir?

– XX-XXI əsrdə reklam sahəsinin genişlənməsi televiziya, radio, internet, qəzet və jurnal, açıq məkan, nəqliyyat və sair sahələri əhatə edib. Bu gün reklamlar istehsalın bütün iqtisadi məkanlarını zəbt edən istehsalçı –istehlakçı münasibətlərində aktiv olan əlaqələndirici rolunu oynayır. Odur ki, reklam sahələrini eyni zamanda qurmaq, ondan dövlət büdcəsi üçün reklam bazarından ayırmalarını təşkil etmək və büdcəyə əlavələr etmək olar. Amma bu təkcə açıq məkanlar üçün çox azdır. Bu ad dünyada olduğu kimi “Reklam kommunikasiyaları” adlanır və çox gəlirli sahədir. Reklam işini daxili və xarici məhsullar hesabına genişləndirmək, istehlakçının alıcılıq qabiliyyətini qaldırmaq, mal düvriyyəsindən gələn gəlirin hesabına inkişaf etdirmək olar. Azərbaycanda düzgün istehsal yaransa, reklam sahələri genişləndirilsi reklam bazarında maliyyə dövriyyəsi 2021-ci ilə qədər 1.5 milyard ABŞ dollarına qədər qalxa bilər. Bu isə dövlət büdcəsinə əlavə gəlir gətirər ki, bununla da istehsal və istehlak bazarının, turizmi inkişaf etdirmək olar.

– Bu gün bütün dünyada bir tendensiya mövcuddur istehsalın, ticarətin və mədəniyyətin inkişafı reklam bazarının inkişafına təsirsiz ötüşmür. Bəs bizdə bu necədir?

– Məhz bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sa¬həsində münasibələrin, onlara dövlət nəzarətinin və tənzimləməsinin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edilməsi üçün 15 may 2015-ci il tarixində “Rekalm haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzaladı. Bu Qanunun reklam sahəsindəki bütün münasibətlərin tənzimlənməsinə xidmət etməsi üçün, ölkə başçısı mütəmadi olaraq sərəncam və göstərişlər verir. Reklam sahəsinin inkişafı üçün mövcud olan monopolyanın aradan qaldırılmasının qaçılmaz olduğunu nəzərə alan cənab İlham Əliyev 31 iyul 2017-ci il tarixində Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılması barədə Sərəncam imzaladı. Biz, – “Azərbaycan Reklamçılar İttifaqı” və bu sahədə təcrübəsi olan digər özünütənzimləmə təşkilatları olaraq adı çəkilən Sərəncamdan sonra reklam bazarında ciddi canlanma olacağına və bu sahəyə öz tövhələrimizi verəcəyimizə inandıq. Çünki reklam sahəsində çalışan Qeyri Hökumət Təşkilatları həm reklam bazarındakı reklam işinin təşkilində fəal iştirak imkanlarına malikdir, eyni zamanda reklam bazarını ictimai baxımdan tənzimləyir. Çox istəyərdik ki, bu sahədə dünya təcrübəsindən bəhrələnərək reklam sahəsindən gələn gəlirlərin daha da artmasına çalışaq. Buna isə dövlət və özünütənzimləmə təşkilatlarının birgə müqavilə əsasında iş birliyi sayəsində nail olmaq mümkündür. Bu təcrübə Amerika Birləşmiş Ştatalarının Nyu-York şəhərində mövcüddür. Burada reklam bazarını tənzimləmək üçün şəhər meriyası ilə 2000 Qeyri Hökumət Təşkilatı birgə fəaliyyət göstərir. Belə ki, şəhər meriyasının nəzdində yaradılan reklam departamenti dövlət tərəfindən maliyyələşdirilir və onlar bunun müqabilində sifarişləri icra edirlər. Meriya eyni zamanda QHT-lərin gördüyü işlərə görə məsuliyyətlərini də tənzimləyir.

– Bu model Dövlət Reklam Agentliyi və Qeyri Hökumət Təşkilatları arasında müqavilə ilə tənzimlənə bilər.

– Məlumdur ki, reklam fəaliyyəti sahəsində özünütənzimləmənin əsas məqsədi reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarını qorumaqdır. Lakin hesab edirik ki, bu gün respublikamızda fəaliyyət göstərən QHT demək olar ki, fəaliyyətlərini “Reklam Haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-37-38-ci maddələrinin tələblərinə uyğunlaşdıra bilmirlər. Buna isə Qanunun imzalandığı tarixdən keçən müddət ərzində reklam fəaliyyəti sahəsini tənzimləyən yeni Dövlət Reklam Agentliyinin yaradılması və ona verilən səlahiyyətlərdir. Belə olan halda hesab edirik ki, “Reklam Haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü fəsilndə – “Reklam sahəsində dövlət nəzarəti və özünütənzimləmə” bəzi dəyişikliklər edilərək özünütənzimləmə təşkilatlarının fəaliyyətləri hazırkı şəraitə uyğunlaşdırılmalıdır. Və mövcud işlər reklam sahəsində təcrübəsi olan QHT arasında da “Reklam Qanunu”na əasasən (Fəsil 4, Maddə 36, 37, 38, 39) paylaşdırılmalıdır. Hesab edirik ki, belə olan halda dövlət monopolyanın qarşısı alınacaq və reklam sahəsində dövlət nəzarəti və özünütənzimləmə qarışılıqlı olaraq fəaliyyət göstərə biləcək. Və bundan da faydalanan təbii ki, Azərbaycan Dövləti və vətəndaşları olacaq.
Özünütənzimləmə sahəsində QHT-larının fəaliyyəti məhdudlaşdıqca bu sahədə 2017-ci ilə kimi hökm sürən monotolyanın yenidən çiçəklənməsinə münbit şərait yaradılacaq ki, bu da sonda sahibkarların narazılıqlarına səbəb olacaq.

– Reklam sahəsində dünya təcrübəsinin respublikamızda tətbiqi bizlərə nə vəd edir?

– Hesab edirəm ki, ilk növbədə sahibkarlıq subyektləri nizamlı və effektiv fəaliyyət göstərməlidirlər. İttifaqımıza edilən müraciətlərdən aydın olur ki, sahibkarlıq subyektləri onlara dəyən ziyanın qarşılanması üçün huquqlarını tələb etməkdə acizdirlər. Belə ki, onlar bir vaxt vəsait sərf edib hazırlatdırdıqları və buna görə pul ödədikləri reklam lövhələrini yeni tələblərə uyğun olaraq (2 m2 artıq olarsa) demontaj etdirməlidirlər, ya da olduğu kimi saxladıqları halda buna görə əlavə icarə haqqı ödəməlidirlər. Başqa bir halda isə demontaj etdikləri reklam lövhəsini standarta uyğun olaraq yenisi ilə əvəz etməlidirlər. Və bütün bu xərclərin hamısı sahibkarın özü tərəfindən qarşılanmalıdır. Deməli, bir fəaliyyətə görə sahibkar 2 dəfə xərc çəkməli olur. Çox halda insanlar əlavə xərc çəkməmək üçün mövcud reklam lövhələrini demontaj etdikdən sonra yenisi ilə əvəz edib pul xərcləməkdənsə, reklamalarını elektron vasitələrlə davam etdirməyə üstünlük verirlər. Bu isə kütləvi hal aldığı halda açıq məkan reklamlarından gələn gəlirlərin azalmasına səbəb olacaq.

– Siz həmişə söhbətlərinizdə Nyu-York şəhərində reklam məsələlərinin həlli üçün gözəl nümunələrin olduğunu söyləyirsiniz. Bu məsələ orada həllini necə tapıb?

– Reklam sahəsindəki təcrübələri bütün dünyada tətbiq edilən Nyu-York şəhərində bu məsələnin həllinin çox gözəl üsulu tapılıb. İlk növbədə Dövlət tərəfindən ayrılan pul hesabına şəhərin reklam startegiyası hazırlanır. Burada yerləşdiriləcək reklam konstruksiyalarının dizaynı, hazırlanması və işıqlandırılması məsələsinin həlli müəyyən edilir. Reklam lövhələri ilə bir növ şəhərin görkəmi dəyişdirilir. Reklamı yerləşdiriləcək sahibkarlıq subyekti isə nə reklam konstruksiyasına, nə də onun hazırlanmasına, nə də sənədləşməyə deyil, sadəcə, yerləşdirilən reklamın icarəsinə görə pul ödəyir. Bu səbəbdən də Nyu-Yorkda reklam xidmətlərindən büdcəyə daxilolmalar yüz milyon ABŞ dolları ilə ölçülür. Burada sahibkar reklamla məşğul olmur. Bu sahədə fəaliyyət göstərən 2000 QHT və bir şəhər mediyasının tərkibində mövcud olan reklam departamenti var. Onların qarşılıqlı iş birliyi bu məsələlərin həllini müəyyən edir.
Bizdə reklam sahəsində fəaliyyət göstərən QHT-lərin bir-birləri ilə və dövlət nəzarətini yerinə yetirən təşkilatlarla düzgün koordinasiya edilmədiyi üçün onlar sahibkarlara lazım olan xidməti göstərməkdə çətinlik çəkirlər. Məsələn, Nyu-Yorkda sahibkar reklam yerləşdirərkən əziyyət çəkmədiyi, yalnız yerləşdirilən reklamın icarə haqqını ödədiyi halda, bizdə Reklam Haqqında Qanunun 26.6-cı Maddəsində göstərilən bütün prosedur qaydaları yerinə yetirməli olurlar (“Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında Dövlət Reklam Agentliyi tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını Dövlət Reklam Agentliyi təsdiq edir. Texniki Şərtlər Pasportuna rəyi isə Reklam Haqqında Qanunun 38-ci Maddəsinin 38.0.5-ci bəndinə əsasən QHT-lər tərəfindən verilir”). Bu isə onların vaxtını səmərəli işlərə sərf etməsinə mane olur.

– Hesab edirsinizmi ki, bu gün mağaza və obyektlər üzərində yerləşdirilən reklamların şəhər mühitinə uyğun olaraq dizaynı, konstruksiyaların hazırlanması və yerləşdirilməsi işinə yenidən baxılmalıdır?

– Bunların hazırlanması üçün isə sifarişçi qismində sahibkarlıq subyektlərinin nümayəndələri yox, dövlət nəzarətini yerinə yetirən orqanlar çıxış etməlidir və vəsait də onlara tərəfindən ödənilməlidir. QHT-lər bu reklam lövhələrinin hazırlanması, yerləşdirilməsi və lazım olan bütün sənədləşmələri hazırladıqdan sonra sahibkarlara yalnız hazır reklam lövhələrinin üzərində yerləşdirilən reklam növlərinə görə icarə haqqının ödənilməsi qalır.
Bu sahədə olan işlərin sürətləndirilməsi üçün Azərbaycan Reklamçılar İttifaqı olaraq Milli Məclisə “Reklam haqqında Azərbaycan Respublikası Qanunu”nun bəzi maddələrinə dəyişikliklər edilməsi üçün tövsiyələr təqdim edirik. Bu dəyişikliklər edilməklə reklam bazarının daha səlis çalışmasına imkanlar yaratmış olarsınız.
Tövsiyyə olunan düzəlişlərdən birincisi 36-cı Maddəyədir. Bu Maddədə göstərilir ki, Reklam fəaliyyəti sahəsində özünütənzimləmənin əsas məqsədi reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarını qorumaq, bu Qanunun tələblərinin yerinə yetirilməsinin təmin etməkdir. Nəzərinizə çatdırıram ki, 25 illik təcrübəsi olan Azərbaycan Reklamçılar İttifaqı məhz bu işlərlə məşğul olur. Lakin fəaliyyətini tam olaraq tənzimləmək üçün müəyyən səlahiyyətlərə malik olmaq lazımdır.

– Özünün bu sahədə sərbəst olaraq işləmək imkanı olmayan QHT-lər reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarını necə qoruya bilər?

– Reklam Haqqında Azərbaycan Respublikası Qanununun 37-ci Maddəsi “Reklam sahəsində özünütənzimləmə üzrə vəzifələr” adlanır. Bu Maddənin 37.0.2-ci bəndində göstərilir ki, onların “reklam bazarının mütəmadi monitorinqini aparmaq, reklam subyektləri üçün tövsiyələr işləyib hazırlamaq, daxili istifadə üçün kodlar vermək” vəzifəsi var.
Hesab edirik ki, bu sahədə də məsələyə daha diqqətli yanaşma olmalıdır. Təsəvvür edin ki, özünütənzimləmə təşkilatı daxili istifadə üçün kod verir. Bəs bu kodun hesabatı necə aparılır? Bu boşluq nəticəsində hazırda yerləşdirilən reklamlara özünütənzimləmə baxımından nəzarət etmək mümkün deyil. Əgər OHT-lər reklam bazarını tənzimləmək üçün yaratdıqları xüsusi kod sistemləri vasitəsiylə yerləşdirilən bütün reklamlara daxili kod vermək səlahiyyətinə malik olsaydılar və bununla bağlı Azərbaycan Respublikasının Statistika Komitəsinə hesabat göndərilsəydi bu halda reklam bazarına dövlətin birbaşa nəzarətini təmin edilmiş olardı.
Qanunun 38-ci Maddəsi “Reklam sahəsində özünütənzimləmə üzrə hüquqlar” adlanır. Bu Maddənin 38.0.5-ci bəndində göstərilir: “reklam bazarının subyektlərinin müraciətinə əsasən sifariş edilən, istehsal olunan, yayımlanan reklam materiallarının qanunauyğunluğu, keyfiyyəti barədə və reklama dair texniki şərtlər pasportuna rəy vermək”.
Reklam bazarında çalışan reklamın subyektləri hər biri ayrılıqda verilən reklamların keyfiyyətlı olmasına çalışırlar. Dövlət qurumları tərəfindən isə hazırlanan reklama dair texniki şərtlər pasportu verilir. Özünütənzimləmə təşkilatlarının hüquqlarından bəhs edəndə isə bildirilir ki, onların reklama dair texniki şərtlər pasportuna rəy vermək hüququ var.

– Müsahibə üçün təşəkkür edirəm.

– Mən də Sizlərə işlərinizdə müvəffəqiyyətlər arzulayıram!

Mənbə: economic.az

Həmçinin oxuyun

Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat etdi- VİDEO

Reklam işinin memarı Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev 68 yaşında böyrək çatışmazlığından vəfat …

2 comments

  1. Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin
    sədri Hacı Əmi Hacı oğlu Atakişiyev cənabına

    «İMPERİAL» Yanacaq Doldurma Məntəqəsinin
    Sahibkarı Məmmədova Həqiqət Hüseyn qızı tərəfindən

    MÜRACİƏT
    «__» aprel 2019 il Hörmətli cənab Sədr,

    Gəncə şəhərində, Nizami rayonu, Nizami Gəncəvi küçəsində (Köhnə Şamxor avtovağzalı) yerləşən Yanacaq Doldurma Məntəqəsində sahibkarlıqla məşğul olaraq, 10 nəfərdən ibarət bir kollektiv əhaliyə xidmət göstərməklə fəaliyyət göstərir. Dövlət Başçımızın və Dövlətimizin biz sahibkarlara xüsusi qayğısının nəticəsidir ki, Mən, 70 yaşlı qadın olaraq, bu günkügündə Prezident İlham Əliyev cənablarının apardığı islahatları dəstəkləyərək, işimizdə uğurlar qazanmaqla yanaşı, 10 nəfərin ailə üzvlərinə gündəlik çörəkpulu qazanaraq ailələrimizin saxlanılmasını təmin edirik.
    Əfsuslar olsun ki, ADRA – nın Gəncə Regional İdarəsi tərəfindən bizə aidiyyatı olmayan reklam yayımına görə pul tələb edilir.
    Avtomobil yolundan 20 metr aralıda yerləşən xüsusi mülkiyyətimizdə, patentlə bizə məxsus olan, İMPERİAL adını kazeroqda olan yazısını reklam yayımı kimi qiymətləndirmişlər. Bundan başqa, hər bir yerdə olduğu kimi xidmət sahələrini göstərən məlumat lövhələrinidə reklam yayımı kimi hesab edirlər. (kafe, moyka, ofis və s.)
    Azərbyacan Respublikasının Baş Naziri cənab Novruz Məmmədov tərəfindən imzalanmış 13 iyul 2018 il tarixli, 295 saylı Qərarında, Azərbaycan Respublikasının Reklam Haqqında Qanunun 26.8 maddəsinin tələblərinə əsasən, həmin Qərarda 3.1 bəndində tam açıqlama verilir ki,habelə ölçüsündən və sayından asılı olmayaraq məlumatlandırıcı lövhələr reklam hesab edilmir.
    ADRA Gəncə Regional İdarəsi tərəfindən isə həmin Qərarın tələblərinin bizə aidiyyatsız olduğu bildirilir. İllik birdəfələik (5 manatdan 100 manata qədər) Dövlət Rüsumu ödənilməsində müqavilə bağlaya bilmədiyimdən Sizə müraciət edərək xahiş edirik:
    Baş Nazir Novruz Məmmədov cənabının imzaladığı Nazirlər Kabinetinin 13.07.2018 il tarixli 295 saylı Qərarının bizə şamil olunması barədə məlumat verilməsini xahiş edirik.

    “İMPERİAL” Yanacaq Doldurma
    Məntəqəsinin Kollektivi adından
    Məmmədova Həqiqət Hüseyn qızı

    «__» aprel 2019 il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir