Ana səhifə / Xəbərlər / Modern inkişaf modeli, tənzimlənən qiymət, artan gəlir

Modern inkişaf modeli, tənzimlənən qiymət, artan gəlir

Dövlət Reklam Agentliyinin yaradılmasının müsbət məqamları

Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının inkişafı reklam fəaliyyəti ilə əlaqədardır. Reklam Azərbaycanda da inkişaf etməkdə olan sahələrdən biridir. Bu sahənin inkişaf etdirilməsi üçün bir sıra işlər görülür.  Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edəcək. Ekspertlər hesab edir ki, beynəlxalq və regional bazarlarda təmsil olunan yerli istehsalçıların satış, marketinq və kommunikasiya siyasətinin tətbiq edilməsi istiqamətində bir sıra problem var idi. Dövlət Reklam Agentliyinin yaradılması ilə yerli məhsulların regional və qlobal bazarlarda uğurlu satış siyasəti həyata keçiriləcək. Qeyd edək ki, Dövlət Reklam Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Qurum dövlət qeydiyyatına alınanadək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” qanunla  müəyyən edilmiş qaydada davam etdiriləcək. Yeni qurumun bundan sonrakı mərhələdə reklam sahəsinə, bu sahədən gələn gəlirə necə təsir edəcəyini, hansı perspektivə yol açacağını ekspertlərlə söhbətdə çalışdıq.

Agentlik ictimai təşkilatlarla da işləməlidir
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədov qeyd edir ki, belə bir agentliyin yaradılması çox vacib bir məsələdir: “Reklam haqqında qanunu Əli Məsimli və mən yazmışıq. Qanun qəbul olunandan sonra hansısa işlər görülməli, Nazirlər Kabineti müəyyən  sənədlər verməli idi. Amma reklam bazarında hərc-mərclik olduğu, qayda-qanun olmadığı üçün Bakı Şəhər İcra hakimiyyəti reklam bazarını monopoliyada saxlayır və heç kim ora daxil ola bilmir. Baxmayaraq ki, biz qanuna özünütənzimləmə haqqında maddələr daxil elədik, Azərbaycan Reklamçılar İttifaqı çox çalışdı ki, bu işi həll etsin, amma imkan vermədilər. Nəhayət ki,  cənab prezident bu kimi məsələləri nəzərə alaraq, Dövlət Reklam Agentliyini yaratdı. Bu addımı çox müsbət qiymətləndirirəm. Çünki reklam bazarında hərc-mərcliklər həddən artıq çox idi. Reklam bazarından hər il büdcəyə 50-55 milyon vəsait gəlirdi. Amma bəlkə də 10 dəfədən artıq məvacib daxil olmalı idi. Reklamın dili, yerləşdirilməsi, spirtli içkilərin reklamı kimi məsələlər bu agentlik yarandıqdan sonra həllini tapacaq. Dövlət Reklam Agentliyi ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlarla da işləməlidir ki, bazar daha çox inkişaf etsin.  Həmçinin rüsumlara da dəyişiklik edilir. Agentliyin 5 manatdan 100 manatadək rüsum qoymaq imkanı olacaq. Bu həm də, dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına şərait yaradır”.
Bu sahəyə nəzarət aşağı səviyyədə idi
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev bildirdi ki, reklam bazarı yarandığı gündən indiyə qədər çox  dəyişib: “1995-ci ildən 2000-ci ilə qədər olan gəlir 1 milyon 250 min civarında  idi. Həmin ildən sonra reklam bazarı yüksəldi. Amma Bakı şəhər reklam idarəsi 2015-ci ildə bildirmişdi ki,  onların ümumi gəliri 1 milyon 250 mindir. Mən bu zaman belə bir sual verdim ki, necə ola bilər,  ilk başlanğıcla 15 il sonrakı göstəricilər eyni olur?  Bu günə qədər, parçalanmış bir sahədə kim nə istəyirdi onu edirdi, qiymətlərin hansı aralıqda dəyişdiyinə fikir verən yox idi. Hələ ki, qiymətlər dəqiq təsdiq olunmayıb. Qiymətləri Tarif Şurası dəqiqləşdirməli idi.  Amma Dövlət Reklam Agentliyi yarandığından qiymətlərin tənzimlənməsinə nəzarəti bu qurum edəcək. Çünki bazarın inkişafında tənzimlənmiş qiymətlərin rolu böyükdür. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bir dəfə parlament iclasında elan etdi ki, reklam bazarında dövriyyə 500 milyondur. Amma bunu deyim ki, həmin rəqəmin çox hissəsi büdcədən yayınır. Çünki bu sahəyə nəzarət aşağı səviyyədə idi. Biz  Azərbaycan Reklamçılar İttifaqı olaraq, bu istiqamətdə bir sıra çıxışlar, parlamentdə qanun hazırlanmasında iştirak edirik və bir ictimai təşkilat kimi fikirlərimizi deyirik. Amma bu, o qədər də müsbət qarşılanmır. Bu gün reklam haqqında qanunda bir dövlət nəzarəti, bir də özünütənzimləmə nəzarəti var. Dövlət nəzarəti yeni yaradılan agentlik, özünütənzimləmə isə ictimai qurumlar tərəfindən aparılacaq. Bu da reklamdan gələn gəlirin artmasına səbəb olacaq. Ona görə ki, dağıntı, rüşvət, korrupsiya, monopoliya kimi hallar olmayacaq.  Yəni bir mərkəzdən idarə olunacaq, hər iş şəffaflıqla yerinə yetiriləcək.  Bu vaxta qədər Bakı şəhər reklam idarəsi sahibkarları gestapo rejimində saxlayırdı. Lakin artıq bu kimi hallar baş verməyəcək. Prezidentin sərəncamı ilə yaradılan yeni orqan çox perspektivli işlər görəcək. Bizim ictimai birliyin hesablamalarına görə, indiki dövrdə Azərbaycanda reklam sahəsindən 1 milyarddan çox gəlir götürmək olar. Reklam dünyada ən gəlirli sahələrdən biridir, əgər iş düzgün qurularsa”.
Sabit və stabil reklam qiymətləri
“Press Service Agency” reklam və autsorsinq şirkətinin rəhbəri, “Baki-Baku.Az” elektron qəzetinin baş redaktoru Məmməd Ağayev də Dövlət Reklam Agentliyinin təsis edilməsini mütərəqqi bir addım kimi dəyərləndirdiyini bildirdi: “Reklam işinin icrasına Dövlət Agentliyi səviyyəsində birbaşa nəzarət mexanizminin tətbiq olunması uzun müddət idi ki, arzulanırdı. Hətta 2 il öncə mən Dövlət Reklam Agentliyinin təsis edilməsinin zərurətə çevrilməsilə bağlı mətbuatda konkret təkliflə çıxış etmişdim. Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlı imzalanan fərmanı, məmləkət mediasının reklam işi istiqamətində qazanacağı nəhayətsiz uğurlara atılmış imza kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu mütərəqqi addım sayəsində kütləvi informasiya vasitələri qısa zamanda modern inkişaf modeli fonunda göz ilə görülə biləcək səviyyədə ciddi irəliləyişlər əldə edəcəklər. Hər şeydən əlavə, media ilə kommersiya şirkətləri arasında illərdir davam edən uzun diskussiyalar aradan qalxacaq və KİV hər bir halda reklamla təmin olunacaq. Qeyd edim ki, bu qurumun müvafiq istiqamətdə görəcəyi böyük həcmli işlər, həll etməli olduğu vacib problemlər mövcuddur. Çünki bu agentlik yaranana qədər reklam sahəsində hökm sürən pərakəndəlik  reklam bazarında ciddi durğunluq yaratmışdı. Hər bir media qurumu reklam qiymətlərini öz istəyinə görə müəyyən edirdi. Bu da qarşılıqlı “rəqabət”ə səbəb olurdu ki, nəticədə də reklam qiymətləri günbəgün artırdı. Təbii olaraq da kommersiya şirkətləri bu süni qiymət artımı səbəbilə reklam verməkdə maraqlı olmurdular. Düşünülməmiş reklam siyasəti nəticəsində isə zərər çəkən tərəf elə media qurumlarının özü olurdu. Hesab edirəm ki, Dövlət Reklam Agentliyinin ilk işlərindən biri sabit və stabil reklam qiymətlərinin müəyyən edilməsi istiqamətində olacaq. Növbəti mərhələdə isə əldə olunmuş reklam materiallarının müvafiq və münasib bir biçimdə media qurumlarına balanslı bir şəkildə yönləndirilməsi ilə KİV nümayəndələrini maddi təminat, redaksiya büdcəsi, məvacib və qonorar kimi qayğılardan azad edib, onların yaradıcı inkişaf meyllərini stimullaşdıracaq.”
Həm dövlət büdcəsi, həm də ictimaiyyət itirirdi
İqtisadçı ekspert Rəşad Həsənli deyir ki, bu istiqamətdə davamlı olaraq müzakirələr aparılıb: “Ciddi boşluqlar var idi. Bakı Şəhəri İcra hakimiyyəti yanında fəaliyyət göstərən xüsusi qurum müəyyən qədər nəzarət etsə də, bu qurumun öz fəaliyyəti də bəzi suallar doğururdu.  Çünki açıq hava reklamının təşkilində qeyri peşəkarlıq, eyni zamanda  biznes marağının olmaması  kimi hallar müşahidə olunurdu. Belə olan halda, həm dövlət büdcəsi, həm də ictimaiyyət itirirdi. Reklam ödənişlərində konkret meyarların yoxluğu da bu sahənin inkişafına mane olurdu. Dövlət Reklam Agentliyinin yaradılması bu kimi halların aradan qaldırılmasına müsbət təsir göstərə bilər.  Amma istənilən halda, agentlik  bu istiqamətdə inzibati  təzyiq alətinə çevrilməməlidir. Həmçinin agentlik növbəti dövrlərdə özəl reklam şirkətlərinin fəaliyyətini boğmamalıdır. Əksinə, özəl sektorun da fəaliyyətinin genişlənməsini izləməlidir. Bu, özəl sektorun dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Çünki müasir dövrdə iqtisadiyyatın inkişafında reklam böyük rol oynayır. Agentliyin fəaliyyəti bəzi subyektiv yanaşmaların da aradan qalxmasına kömək edəcək. Həmçinin açıq havada reklamın imkanlarını da artıracaq.  Əgər agentlik öz fəaliyyətini səmərəli şəkildə təşkil edərsə, dövlət büdcəsinə daxil olmalar kifayət qədər artacaqdır”.
Mənbə: kaspi.az

Həmçinin oxuyun

Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat etdi- VİDEO

Reklam işinin memarı Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev 68 yaşında böyrək çatışmazlığından vəfat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir