24 Sentyabr 2020 , Cümə axşamı
Ana səhifə / Yaranma tarixi

Yaranma tarixi

Azərbaycan Reklamçılar İttifaqı (ARİ) 25 noyabr 1995-ci il tarixində Azərbaycan reklamçılarının təsis qurultayında təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün təqdim olunmuşdur. Qurum 19 yanvar 1996-cı ildə 791 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəzifəsinə tanınmış memar, reklam sahəsi üzrə ekspert Hacı Əmi Atakişiyev seçilmişdir.

–  ARİ – reklam sahəsində çalışan rəssam, memar, jurnalist, dizayn mütəxəssisi və digər peşəkar yaradıcı şəxslərin mənafeyini qorumaq üçün yaradılan ictimai birlikdir.

Çalışdığı müddət ərzində ARİ Azərbaycan Respublikasının məhsullarını Beynəlxalq Rekamçılar Assosiasiyası, yarmarka və sərgilər vasitəsilə tanıtmağa çalışmış, müntəzəm reklam etmək məqsədilə ittifaqın hüquqi şəxs olan regional filiallarınını yaratmış, sərbəst bazar iqtisadiyyatına keçid şəraitində ölkədə yeni sahə kimi yaranan reklam şirkətlərinə kömək məqsədilə yüksək ixtisaslı yaradıcı və elmi mütəxəssislərin, habelə xarici reklamçıların iştirakı ilə elmi-metodiki ədəbiyyatlar hazırlayıb, çap etdirib yaymış, respublika əhalisinə bazar iqtisadiyyatının əsas sahələrindən biri olan istehsalat və ticarətin hərəkətverici qüvvəsi, istehsalçı, əmtəə, xidmət növləri və ticarət nişanları haqqında məlumatverici reklamı tanıtmaq məqsədilə “Azərbaycan Reklamçısı” qəzetini nəşr etdirmiş, Beynəlxalq reklam tədbirlərində iştirak etmiş və bu tədbirlərdə iştirak etmiş tanınmış reklam mütəxəssislərini Azərbaycana dəvət etmiş, Azərbaycanı onlara tanıtmış, onlarla iş birliyi qurmuş, beynəlxalq tələblərə cavab verən, xarici və yerli şirkətlərin reklam sifarişlərini yerinə yetirmək üçün müasir texnika və texnologiya ilə təchiz olunmuş istehsalat sahələri yaratmış.

16 iyul 2015-ci il tarixində Ədliyyə Nazirliyinin qərarına əsasən Azərbaycan Reklamçılar İttifaqı (ARİ) Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi (ARİ İB) olaraq qeydiyyatdan keçmişdir. Birliyin İdarə Heyətinin sədri vəzifəsinə Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvi, Beynəlxalq Reklamçılar Assosiasiyasının üzvü, professor Hacı Əmi Hacı oğlu Atakişiyev seçilmişdir.

Azərbaycan Reklamçılar İttifaqının (ARİ) loqosu tanınmış rəssam, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əziz tərəfindən hazırlanmışdır.
 
 

Reklam – iqtisadiyyatın hərəkətverici qüvvəsidir. Ondan istifadə etməklə həm reklam bazarını, həm də iqtisadiyyatın bir çox sahələrini, sektor və seqmentlərini inkişaf etdirmək olar.

Hacı Əmi H.Atakişiyev